DÜNYA
Çexiyada növbəti dəfə əhalinin siyahıya alınması keçirilir
Praqa, 29 mart, AZƏRTAC
Bu günlərdə Çexiyada növbəti dəfə əhalinin siyahıya alınması keçirilir.
AZƏRTAC xəbər verir ki, siyahıyaalma Çexiya Statistika İdarəsi tərəfindən aparılır. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən texniki çətinliklər yaranır. Buna görə də siyahıyaalmanın müddətinin azı bir ay uzadılması qərara alınıb. İlkin plana görə aprelin 9-da başa çatdırılmalı olan siyahıyaalma indi mayın 11-dək uzadılacaq.
Siyahıyaalmanın müddətinin uzadılmasının daha bir səbəbi artıq bir dəfə çökmə həddində olan onlayn serverin yüklənməsini azaltmaq zərurəti ilə bağlıdır.
Maraqlıdır ki, Çexiyada hər on ildən bir keçirilən siyahıyaalmada iştirak burada məcburidir. Məlumatın təqdim edilməməsi qarşılığında nə az, nə çox – təxminən 385 avro cərimə gözlənilir.
Əhalinin budəfəki siyahıya alınmasına həsr olunan xüsusi markalar buraxılması isə filatelistlər tərəfindən sevinclə qarşılanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa