DÜNYA
Çilidə 34 nəfər meşə yanğınlarını yaymaqda şübhəli bilinir
Bakı, 28 yanvar, AZƏRTAC
Çili prokurorluğu 34 nəfərə meşə yanğınlarını yaymaq barədə ittiham irəli sürüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prokurorluq son günlər ərzində Bio-Bio regionunun Kuranilaue bələdiyyəsinin ərazisində bir nəfərin cinayət yerində həbs olunduğunu bildirib.
Son məlumata əsasən, artıq bir neçə həftədir ki, ölkədə tüğyan edən meşə yanğınları nəticəsində azı 11 nəfər həyatını itirib, minlərlə bina yanaraq kül olub, 8 minə yaxın insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Çilinin fövqəladə vəziyyətlər üzrə Milli İdarəsi (Onemi) yanğınların ümumi sahəsinin 290 min hektara yaxınlaşdığını bildirib.
Alovla mübarizə əməliyyatlarına 46 uçuş aparatı, o cümlədən ABŞ-dan gətirilən “Boeing 747-400 Supertanker” tipli dünyanın ən böyük yanğınsöndürən təyyarəsi cəlb olunub.
Ölkənin Daxili İşlər Nazirliyi yanğınla mübarizədə Fransa, ABŞ, Kolumbiya və Meksikadan mütəxəssis və yanğınsöndürənlərin iştirak etdiyini bildirib. Yaxın günlərdə onlara argentinalı, ispaniyalı, braziliyalı və perulu həmkarları da qoşulacaq.