SİYASƏT
Çilili deputat Azərbaycanın suverenliyinə və mülki əhalisinə qarşı Ermənistanın hücumlarını şiddətlə qınayan bəyanat verib
Bakı, 22 iyul, AZƏRTAC
Çili Deputatlar Palatasında Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Qabriel Silber Romo Azərbaycanın suverenliyinə və mülki əhalisinə qarşı Ermənistanın hücumlarını şiddətlə qınayan bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün Azərbaycana qarşı həyata keçirdiyi, bir nəfər mülki vətəndaş və hərbçilərin həlak olması və bəzilərinin yaralanması ilə nəticələnən hücumdan bəhs edilir.
Deputat Q.Silber Çili Deputatlar Palatasında Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olaraq Azərbaycanın suverenliyinə və mülki əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilən bu hücumu şiddətlə qınadığını bildirir.
Bu xüsusda, Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu olaraq Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini bölgədəki sülh və sabitliyi təhlükə altında qoyan hərbi eskalasiyalardan çəkinməyə çağırdıqları ifadə olunur.
Bəyanatda, eyni zamanda, Ermənistanı və Azərbaycanı bu münaqişəni beynəlxalq hüquq, xüsusilə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, onun ərazi bütövlüyünə və suverenliyinə hörməti təsdiq edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həll etmək məqsədilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara təkan verməyə çağırış edilir.
Yekunda, dost ölkə olaraq həlak olanlarla bağlı Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verilir, yaralıların tezliklə sağalması arzu edilir.