DÜNYA
Çin ABŞ Nümayəndələr Palatasının Honkonq məsələsinə dair qərarlarına sərt etirazını bildirib VİDEO
Pekin, 16 oktyabr, AZƏRTAC
Çin hökuməti ABŞ Konqresinin Nümayəndələr Palatasında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı qəbul olunan qərarlara sərt etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan xüsusi bəyanatla Nümayəndələr Palatasında "Honkonqda insan hüquqları və demokratiya aktı" da daxil olmaqla qəbul edilən üç sənədə ölkəsinin böyük narazılığını və sərt etirazını bəyan edib.
“Honkonq Çinin Honkonqudur”, - deyən XİN rəsmisi ABŞ-dan Çinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.
Qeyd edək ki, oktyabrın 15-də ABŞ Nümayəndələr Palatası Çinin ciddi etirazlarına baxmayaraq, Honkonqda aksiyaları dəstəkləyən aktlar qəbul edib.
Honkonqda ekstradisiya haqqında qanuna təklif edilən düzəlişə etiraz olaraq iyun ayından bəri burada etiraz aksiyaları keçirilir. Aksiyaların gedişində etirazçılar ciddi iğtişaşlar törədib, polisə, şəhərdəki dövlət binalarına və özəl binalara ciddi ziyan vurublar. Sentyabrın 4-də Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kəri Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Buna baxmayaraq, etirazçılar qanunsuz aksiyaları davam etdirirlər.
Çin tərəfi dəfələrlə xarici ölkələrin, o cümlədən ABŞ-ın Honkonq məsələsinə müdaxilə cəhdlərini pisləyib. Bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və Senatın Xarici məsələlər komitəsində "Honkonqda insan hüquqları və demokratiya aktı"nın dəstəklənməsinə qarşı ölkəsinin sərt etirazını bildirmişdi. Rəsmi Pekin bu addımı Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin