DÜNYA
Çin KXDR ilə quru sərhədinin açıldığını təsdiqləyib
Pekin, 17 yanvar, AZƏRTAC
Çin tərəfi qonşu Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə quru sərhəd-keçid məntəqəsinin açıldığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien yanvarın 17-də ənənəvi mətbuat konfransında iki ölkə arasında yük dövriyyəsi üçün qatarların hərəkətinin bərpa olunduğunu deyib. O, bu addımın iki ölkə arasında normal ticarətin təşviqinə kömək edəcəyini bildirib.
Cənubi Koreyanın Yonhap agentliyi isə yanvarın 17-də KXDR-ə məxsus daha bir qatarın Dandon şəhərinə gəlməsi, 15 vaqondan ibarət öncəki qatarın isə yüklənərək geri qayıtması barədə xəbər yayıb.
Qeyd edək ki, yanvarın 16-da bəzi media orqanları KXDR-ə məxsus qatarın iki ölkə sərhədində yerləşən Yalu çayı üzərindəki körpünü keçərək Çinin Dandon şəhərinə gəlməsi barədə informasiya yerləşdirib. KXDR hakimiyyəti COVID-19 ilə əlaqədar 2020-ci ilin əvvəlində ölkəyə bütün növ girişi bağlamışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin