DÜNYA


Çin XİN: Tayvan boğazında gərginliyin yüksəlməsinə ABŞ məsuliyyət daşımalıdır

Pekin, 2 avqust, AZƏRTAC

Tayvan boğazında gərginliyi yüksəldən addımlar atan ABŞ bütün məsuliyyəti öz üzərinə götürməlidir. Birləşmiş Ştatlar Çinin suverenliyini və təhlükəsizlik maraqlarını pozan addımlarına görə məsuliyyət daşımalı və cavab verməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunyin ABŞ dövlət katibi Entoni Blinkenin Konqresin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin Tayvan adasında mümkün səfərinə dair açıqlamasını şərh edərkən deyib. Dövlət katibi səfərin Nensi Pelosinin şəxsi qərarı olduğunu bildirib, Pekini bu səfərlə əlaqədar böhran yaratmaqda günahlandırıb.

Entoni Blinkenin həmin mövqeyinin hegemonluq mentalitetinə əsaslandığını vurğulayan Çin XİN rəsmisi, ABŞ-ın bütün təsisatlarının, o cümlədən icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının ölkənin rəsmi xarici siyasətinə uyğun davranmalı olduqlarını deyib. O, Pekin ilə Vaşinqton arasında diplomatik münasibətlərin qurulması haqqında 1979-cu ildə imzalanmış birgə bəyannamədə ABŞ-ın Çin Xalq Respublikasını Çin ərazisində qanuni hakimiyyət kimi tanıdığını, bu konteksdə Birləşmiş Ştatlar xalqının Tayvan xalqı ilə yalnız mədəni, ticari və digər qeyri-rəsmi münasibətlər saxlamaq hüququ olduğunu vurğulayaraq bildirib ki, Birləşmiş Ştatlarda ən yüksək 3-cü vəzifəli şəxs olan Nümayəndələr Palatasının sədri ABŞ silahlı qüvvələrinə məxsus təyyarə ilə Tayvana yola düşürsə, bu, heç bir halda qeyri-rəsmi səfər deyil.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, Nensi Pelosinin Asiya turu çərçivəsində avqustun 2-də axşam Tayvan adasında gələcəyi gözlənilir. Tayvan mediası Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətinin avqustun 3-də Tayvandakı hakimiyyətin prezidenti Tsay İnq-ven, habelə qanunverici orqanın rəhbəri ilə görüşlərinin nəzərdə tutulduğu barədə xəbərlər yayıb. Tayvan rəsmiləri Nensi Pelosinin səfəri barədə açıqlama verməkdən boyun qaçırsa da, paytaxt Taypeydə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü, ABŞ heyətinin gecələyəcəyi “Grand Hyatt” otelində və ətrafında təhlükəsizliyin təminatına xeyli sayda polisin cəlb olunduğu bildirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.