REGİONLAR
Çin Xalq Respublikasının səfiri: Naxçıvanda bütün sahələr sürətlə inkişaf edir
Naxçıvan, 17 noyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının əhəmiyyətli bölgələrindən biridir. Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyim müddətdə artıq ikinci dəfədir ki, Naxçıvanda oluram. Qısa zamanda bura ikinci səfərim bir daha təsdiq edir ki, bizim əlaqələrimiz sürətlə inkişaf edir.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua noyabrın 16-da muxtar respublikaya səfərindən sonra AZƏRTAC-a müsahibəsində belə deyib.
Naxçıvana səfərinin uğurla başa çatdığını bildirən Vey Cinhua qeyd edib ki, muxtar respublikada bütün sahələrlə yanaşı təhsil, mədəniyyət, səhiyyə də sürətlə inkişaf edir, tarixi abidələrə böyük diqqət göstərilir, Naxçıvan şəhəri gündən-günə gözəlləşir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanda doğulub-boya başa çatdığını vurğulayan səfir deyib: “Dahi şəxsiyyət Heydər Əliyev Çin xalqının böyük dostu olub. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yaradılması da məhz onun adı ilə bağlıdır. Ona görə də Çin xalqı Heydər Əliyevə böyük rəğbət bəsləyir. Ötən əsrin 90-cı illərində dahi şəxsiyyət Azərbaycanın siyasi həyatında çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasını məhz Naxçıvanda yaradıb. Bu baxımdan da Naxçıvan əhəmiyyətli diyardır”.
Çin səfiri muxtar respublika ilə ölkəsinin əməkdaşlığını yüksək qiymətləndirərək deyib: “Bu gün Çin Xalq Respublikasının “Huawei” şirkəti Naxçıvanda çox gözəl əlaqələr yaradıb. Bizim qarşılıqlı maraq doğuran məsələlərdə geniş əməkdaşlıq imkanlarımız var. Məhz bunu nəzərə alaraq, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bir sıra yüksək səviyyəli görüşlər keçirdik, iqtisadi-ticari, turizm və təhsil sahələrində əməkdaşlığın gələcək perspektivlərini birgə müzakirə etdik. Bir daha əmin oldum ki, əlaqələrimizin yüksələn xətlə inkişafı bundan sonra da davam edəcək”.