DÜNYA
Çin Yerin müşahidəsi üçün orbitə daha bir peyk çıxarıb VİDEO
Pekin, 15 yanvar, AZƏRTAC
Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üzrə orbitə daha bir peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla yanvarın 15-də səhər saat 10:53-də Tayyuan kosmodromundan “Long March-2D” raketdaşıyıcısı ilə buraxılan “Jilin-1” peyki artıq orbitdə planlaşdırılan nöqtəyə çatıb.
“Chang Guang” kosmos texnologiyaları şirkəti mütəxəssislərinin hazırladıqları peyk çox geniş əhatəyə və yüksək sürətli transmissiya qabiliyyətinə malikdir. Yüksək ölçülü video, optik və hiperspektral fotoçəkiliş imkanları olan peykdən xəritələrin hazırlanması, ətraf mühitin qorunması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi üçün istifadə olunacaq. Yeni peyk “Jilin” ailəsindən orbitdəki digər 15 peyklə şəbəkə halında fəaliyyət göstərəcək.
Qeyd edək ki, eyni raketdaşıyıcı ilə orbitə 3 kiçik peyk, o cümlədən Argentina şirkətinin “NewSat7” və “NewSat8” peykləri də orbitə çıxarılıb. Bu, “Long March” seriyasından 325-ci raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin