DÜNYA
Çin qanunverici orqanının illik sessiyası epidemiya ilə əlaqədar təxirə salına bilər
Pekin, 18 fevral, AZƏRTAC
Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) martın əvvəlinə planlaşdırılan illik sessiyası koronavirus epidemiyası ilə əlaqədar təxirə salına bilər.
AZƏRTAC xəbər verir ki, Yığıncağın Daimi Komitəsinin fevralın 24-də keçiriləcək iclasında ölkədə il ərzində ən böyük siyasi tədbir olan qanunverici orqanın illik sessiyasının təxirə salınması məsələsinə baxılacaq. Bu il cədvəl üzrə martın 5-də açılması nəzərdə tutulan sessiya üçün artıq hazırlığa başlanılmışdı. Amma koronavirus epidemiya ilə mübarizə və qabaqlayıcı tədbirlər hazırda Çində ən vacib iş hesab olunduğundan, bütün qüvvələrin bu istiqamətə yönəldilməsi daha məqsədəuyğun hesab edilir. ÜXNY-nin 3 minə yaxın nümayəndəsi, o cümlədən ölkə və vilayət səviyyəsində rəhbər şəxslər epidemiya ilə mübarizəyə qoşulublar. Bütün bunları təhlil edən Daimi Komitənin rəhbərliyi illik iclasın təxirə salınması ilə bağlı təklif irəli sürüb.
ÜXYN-nin sessiyası ilə paralel keçirilən və məşvərətçi orqan statusuna malik Ümumçin Xalq Siyasi Məşvərət Şurasının illik iclasının da təxirə salınması təklif olunub.
Qeyd edək ki, Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının ildə bir dəfə keçirilən sessiyasında ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edilir. Yığıncağın hər çağırışının səlahiyyət müddəti 5 ildir. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin