DÜNYA
Çində səkkiz gündür dağıntılar altında qalan şaxtaçılardan bəzilərinin yeri müəyyən edilib VİDEO
Pekin, 18 yanvar, AZƏRTAC
Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra səkkiz gündür əlaqə kəsilmiş 22 şaxtaçıdan 12-sinin yeri müəyyən edilib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Çisia şəhəri ərazisindəki mədəndə qalan şaxtaçılar yanvarın 17-də xilasedicilərə kağıza yazılmış qeyd göndəriblər. Qeyd xilasedicilərin qazdıqları kanala yerləşdirilmiş boru vasitəsilə göndərilib. Bununla 4-ü yaralı olmaqla 12 şaxtaçının sağ olduğu müəyyənləşib. Şaxtaçılar dərman və tibbi ləvazimata ehtiyac duyduqlarını, üç nəfərin yüksək qan təzyiqindən əziyyət çəkdiyini bildiriblər. Onların olduqları yerdə tüstü və su toplandığı məlum olub. Hazırda həmin şaxtaçıların xilası və digər 10 nəfərin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər gücləndirilmiş şəkildə davam etdirilir.
Qeyd edək ki, özəl şirkətlərdən birinə məxsus mədəndə yanvarın 10-da saat 14:00 radələrində partlayış baş verib. Şəhərin fövqəladə hallar departamentinə isə bu barədə məlumat yanvarın 11-i saat 20:00 radələrində daxil olub. Dərhal axtarış işlərinə başlanılıb. Çisia şəhər partiya komitəsinin katibi və şəhərin meri hadisə barədə vaxtında məlumat verməməkdə təqsirli bilinərək vəzifələrindən azad olunublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin