DÜNYA
Çindən Gürcüstana gələnlər aeroportlarda tibbi yoxlamadan keçəcəklər
Tbilisi, 26 yanvar, AZƏRTAC
Çindən Gürcüstana gələn bütün sərnişinlər Gürcüstan aeroportlarında məcburi tibbi yoxlamadan keçəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir müavini Tamara Qabunia jurnalistlərə bildirib ki, Tbilisi beynəlxalq hava limanında koronavirusla bağlı xüsusi yoxlamalar keçiriləcək. Yüksək risk zonalarından olan insanlara xüsusi diqqət yetiriləcək. Epidemioloji xidmət səfərbər olunub, həkimlər 24 saat iş rejimində fəaliyyət göstərirlər.
Aeroportlarda sərnişinlərə hər hansı virusoloji simptomları hiss etdikdə haraya müraciət etmələrini bildirən və üç dildə hazırlanmış xüsusi broşürlər paylanıb. Bununla yanaşı, həmin virusa yoluxmada şübhəli bilinən sərnişinlərin müraciət edəcəkləri xəstəxanalar da müəyyən olunub.
Vəziyyətlə əlaqədar Tbilisi, Batumi, Kutaisi və Zuqduqi infeksion xəstəxanaları fövqəladə iş rejiminə keçiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi