CƏMİYYƏT
Çindən gələn vətəndaşlarda koronavirus əlamətləri aşkar edilsə, onlar xüsusi həkim nəzarətində saxlanılacaqlar
Bakı, 28 yanvar, AZƏRTAC
Son vaxtlar koronavirusun yeni növü olan 2019-nCoV virusunun yayılması bütün dünyada çox böyük narahatlığa səbəb olub və xəstəlik əhali arasında xof yaradıb. Qeyd etmək istəyirəm ki, ölkəmizin səhiyyə sistemi hər hansı yoluxucu xəstəliklə mübarizə aparmaq iqtidarındadır. Səhiyyə Nazirliyi bu məqsədlə profilaktik tədbirlər hazırlayıb.
Bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev AZƏRTAC-a deyib.
Onun verdiyi məlumata görə, nazirlik Çində aşkarlanan koronavirusla əlaqədar profilaktik tədbirlər hazırlayıb. Ağciyər Xəstəlikləri İnstitutu, Yoluxucu xəstəliklər xəstəxanası, ayrı-ayrı stasionar tibb ocaqları bu məqsədlər üçün ayrılıb və xəstəlik aşkar edilərsə, xəstələnənlərin müalicə olunması üçün həmin müəssisələrdə bütün lazımi dərman vasitələri var. Bunun üçün stasionarlar ayrılıb, əhali məlumatlandırılıb.
Baş epidemioloq onu da deyib ki, insanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər. Çinə getməyə hazırlaşan vətəndaşlardan səfərlərini təxirə salmaları tövsiyə olunur. Çindən gələn vətəndaşlarda hansısa xəstəlik əlaməti şübhə doğurarsa, onlar mütləq nəzarətə götürüləcəklər. Laboratoriya müayinələri nəticəsində xəstəliyə yoluxma faktı təsdiq olunsa, onların müalicəsi müasir şəraitdə və həkim nəzarəti altında aparılacaq.