DÜNYA
Çinin mobil operatoru 560 mindən çox 5G baza stansiyası tikib
Bakı, 2 noyabr, AZƏRTAC
Çinin “China Mobile” mobil operatoru ümumilikdə 560 mindən çox beşinci nəsil rabitə (5G) stansiyası inşa edib.
AZƏRTAC Sina informasiya portalına istinadla xəbər verir ki, kompaniyanın baş direktoru Dun Sin bu barədə Quançjou şəhərində “China Mobile” tərəfdaşlarının qlobal konfransının açılışında çıxışı zamanı məlumat verib.
“Bu günə qədər “China Mobile” 560 mindən çox 5G baza stansiyası tikib. İlin sonunadək biz tempi artırmağa davam edəcək və daha böyük göstəricilərə nail olacağıq”, - deyə Dun Sin bildirib.
Çinin Sənayeləşmə və İnformasiyalaşma Nazirliyinin məlumatına əsasən, “China Mobile” kompaniyası cari ilin sonuna qədər təxminən 700 min beşinci nəsil baza stansiyasına malik olacaq. “China Mobile”, “China Telecom” və “China Unicom” mobil operatorları tərəfindən ölkədə inşa edilən stansiyaların ümumi sayı isə 1,4 milyonu keçəcək.
Proqnozlara görə, 2023-cü ilədək Çində 5G istifadəçilərinin sayı 560 milyonu ötəcək ki, bu da mobil istifadəçilərin ümumi sayının təxminən 40 faizi qədərdir.
Qeyd edək ki, Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabrından əhaliyə beşinci nəsil rabitə xidmətləri göstərməyə başlayıb. Ötən il ölkədə 580 minə yaxın 5G baza stansiyası quraşdırılıb və onların şəbəkəsi artıq demək olar ki, dairə əhəmiyyətli bütün şəhərləri əhatə edir.