DÜNYA
Çinlilər “Qızıl həftə”də xarici səfərlərə 15 milyard dollara yaxın pul xərcləyəcəklər
Pekin, 31 yanvar, AZƏRTAC
Çində ay təqvimi ilə qeyd olunan yeni il (Yaz festivalı) ilə əlaqədar bir həftəlik tətil günlərində xarici ölkələrə 6 milyondan çox vətəndaşın turist kimi səfər edəcəyi proqnozlaşdırılır.
Çinin Milli Turizm Administrasiyasının məlumatına görə, çinli turistlər xarici səfərlərə təxminən 15 milyard ABŞ dolları sərf edəcəklər. Çinlilərin əsas üz tutduğu uzaq ölkələr arasında ABŞ, Böyük Britaniya, İspaniya, Almaniya və İsveçrə, orta-yaxın məsafədə isə Avstraliya, Koreya Respublikası, Yeni Zelandiya və Tailanddır.
Qeyd edək ki, 4 ildir xaricə turizm səfərlərinın sayına görə çinlilər dünyada birinci yeri tutur. Qlobal turizm gəlirinin 13 faizi çinli turistlər tərəfindən təmin edilir. Çinin Milli Turizm Administrasiyasının məlumatına əsasən, ötən il təxminən 122 milyon çinli xaricə turizm səfərinə gedib. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması və bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin