CƏMİYYƏT
Çoxillik meteoroloji müşahidələrə görə oktyabrın 2-si üçün ən yüksək temperatur Bakıda qeydə alınıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb. Havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Yaxın günlərdə də komfort temperatur şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Çoxillik meteoroloji müşahidələrə görə oktyabrın 2-si üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. 2012-ci il oktyabrın 2-də Bakıda ən yüksək temperatur 30,5°, 1941-ci il oktyabrın 2-də isə ən aşağı hərarət 8,1° isti qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, oktyabrın 7-dək cənub-şərq, cənub küləyi əsəcək. Küləyin sürəti 8-13 metr/saniyə təşkil edəcək. Temperatur 24-27°-yə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var.
Əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 25-30°, dağlıq rayonlarda 15-20° isti olacaq.