CƏMİYYƏT
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ötən yeddi ayda ümumi sahəsi 4 milyon 531 min 2 kvadratmetr olan 46 min 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib. 218-i Bakıda, 8-i Abşeron rayonunda, 1-i Sumqayıtda, 4-ü Gəncədə, 1-i Mingəçevirdə, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilib, onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanda müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə oktyabrın 28-də, 30-da və noyabrın 1-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib. FHN-in müvafiq qurumlarının, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, “Azərsu” ASC-nin, SOCAR “Azəriqaz” İB-nin və “Azərişıq” ASC-nin səlahiyyətli şəxslərinin iştirak etdikləri görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.
Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər dövlətimizin başçısının nəzarəti altındadır.
Xatırladaq ki, bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.
Sənəddə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
Fərmanda müvafiq qurumlara tapşırıqlar verilib.