İDMAN
“CNN” telekanalının internet səhifəsində Qarabağ atlarından və çovqan oyunundan bəhs edən geniş məqalə yerləşdirilib VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
“CNN” telekanalının internet səhifəsində Qarabağ atlarından və çovqan oyunundan bəhs edən geniş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın milli idmanı oyunu – çovqan ölkənin zəngin mədəniyyəti və ən sevimli heyvanı ilə sıx bağlı olduğu vurğulanır. Bildirilir ki, bu oyunun tarixi birinci minilliyin ortalarına gedib çıxır.
“Oyunun əsas qaydaları poloya bənzəsə də, burada oyunçular digər təhlükəsizlik vasitələrindən istifadə etmirlər. Çovqan bacarıq, amma, eyni zamanda, cəsarət oyunudur,” – deyə müəlliflər Kris Borq və Paula Nyuton yazırlar.
Qarabağ ayğırlarının sürətlərinə, dözümlülüklərinə və Azərbaycana xas olması ilə seçildiyini qeyd edən müəllif Kris Borq Azərbaycan Atçılıq Federasiyasının başçısı Bəhruz Nəbiyevin sözlərindən sitat gətirərək yazır:
“Təhlükədən qorxan insanlar bu oyunu oynaya bilməzlər. Çovqan Azərbaycan tarixinin bir hissəsidir. Tarixboyu hər bir azərbaycanlı atlara qarşı böyük sevgi bəsləyib. Çovqan insanların hobbisi olub. Çobanlar çovqanı uzun illər öncə oynamağa başlayıb və təkmil bir oyuna çeviriblər”.
Yazıda həm çovqanın, həm də Qarabağ atlarının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi vurğulanır, Qarabağ atlarının sayının azalması ilə bağlı həyəcan təbilinin çalındığı qeyd olunur.
Müəlliflər bildirirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və müharibədən sonrakı iqtisadi vəziyyət atların azalmasına səbəb olub.
K.Borq Azərbaycan hökumətinin Qarabağ atlarının qorunması istiqamətində müəyyən addımlar atdığını və atların satış məqsədilə ölkədən çıxarılmasını qadağan etdiyini diqqətə çatdırıb.