CƏMİYYƏT
COVCHEG layihəsi Azərbaycan kəndlərində icma əsaslı təşəbbüsləri və ənənəvi məşğulluğu dəstəkləyir
Bakı, 11 aprel, AZƏRTAC
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə Slow Food (İtaliya), Heyvanların Mühafizəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası ilə birgə Böyük Qafqaz dağları regionunda kiçik sahibkarları dəstəkləmək üçün COVCHEG adlı 3 illik layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 11-də keçirilən mətbuat konfransında bildirilib.
Heyvanların Mühafizəsi İctimai Birliyin rəhbəri Azər Qarayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Slow Food Proqram koordinatoru Anna Kanşiyeva və başqaları bildiriblər ki, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti qrupları və digər maraqlı tərəflərlə yaxından əməkdaşlığı özündə ehtiva edən Aİ və Azərbaycan arasındakı bu tərəfdaşlıq qastronomiyanı, eləcə də ərazidə bioloji müxtəlifliyin və mədəni irsin qorunması üzrə Avropa İttifaqının malik olduğu böyük təcrübəni paylaşmaq məqsədini daşıyır.
Diqqətə çatdırılıb ki, layihənin ilk altı ayı ərzində beş pilot ərazidə (Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qax) yerli məhsulların xəritəyə alınma səfərləri, müştəri araşdırmaları və maraqlı tərəflərlə görüşlər keçirilib. Nəticədə təxminən 40 məhsul aşkar edilib: yerli tərəvəz və meyvələr, həmçinin onların ənənəvi emal üsulları, yerli şirniyyatlar, heyvan mənşəli məhsullar, ənənəvi üzüm növləri və s.
Azərbaycan daxilində olduqca müxtəlif torpaq və iqlim şəraitinin olması müxtəlif növ bitki genetik resurslarına və heyvanat növlərin mövcudluğuna şərait yaradır. Bu növ məhsullar və cinslər, xalq seleksiyası sayəsində min illərlə kənd təsərrüfatı və pastoralizm üzərində inkişaf edib. Buna görə layihənin ilk mərhələsi ənənəvi məhsulların, cinslərin və qida məhsullarının inventarlaşdırılması, habelə onların daha geniş istehsal və emalı üsulları üçün əsas yaradacaq.