DÜNYA
COVID-19: Fransada son sutka ərzində 12 845 yeni yoluxma qeydə alınıb
Paris, 1 oktyabr, AZƏRTAC
Fransada son sutka ərzində COVID-19 virusuna 12 845 yeni yoluxma və 63 ölüm faktı qeydə alınıb.
Fransa Səhiyyə Nazirliyinin məlumatına istinadla AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara daxil olan 650 yeni xəstədən 135-i reanimasiya şöbələrinə yerləşdirilib. Xəstəxanalarda müalicə olunan 6 590 koronavirus xəstəsindən 1238-i reanimasiya şöbələrində ağır vəziyyətdədir.
Bəzi şəhərlərdə reanimasiya şöbələrində yer olmadığı bildirilir.
Fransanın Səhiyyə və Tibbi Tədqiqat Milli İnstitutunun (İNSERM) hazırladığı peyvənd layhələrindən birinin testi üçün 25 min könüllü lazım olduğu deyilərək, 18–dən yuxarı yaş kateqoriyalarından könüllülər axtarılır və könüllü test üçün internetdə ( https://www.covireivac.fr/) qeydiyyat platforması istifadəyə verilib. Məqsəd qarşıdan gələn həftə ərzində dünyada hazırlanmış 300 peyvənd layihəsindən bir neçəsinin test edilməsini təmin etməkdir. Bu peyvəndlərin testi üçün 10 minlərlə könüllüyə ehtiyac var.
Xatırladaq ki, Fransada COVID-19 epidemiyası ilə bağlı məhdudiyyətlər daha da sərtləşdirilib və Milad bayramı üçün yenidən karantin etmək təklifi səsləndirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris