DÜNYA
COVID-19 əleyhinə ikidozalı vaksinlər koronavirusa yoluxma riskini 90 faizədək aşağı salır
Vaşinqton, 30 mart, AZƏRTAC
ABŞ Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin dərc etdiyi məlumata müvafiq olaraq, COVID-19 əleyhinə ikidozalı “Pfizer-BioNTech” və “Moderna” vaksinləri tibb işçilərinin və təxirəsalınmaz xidmətlərin əməkdaşlarının yoluxma riskini 90 faizədək aşağı salıb.
AZƏRTAC xəbər verir ki, agentliyin məlumatına görə, analoji texnologiyadan istifadə olunmaqla işlənib hazırlanmış vaksinlərin hər iki dozasını alan tibb işçiləri, ilkin yardım üzrə mütəxəssislər və digər əsas işçilər arasında peyvəndləmədən iki həftə və daha artıq müddət keçdikdən sonra yoluxma riski 90 faiz aşağı düşüb.
Agentliyin apardığı analizin gedişində 2020-ci il dekabrın 14-dən 2021-ci il martın 13-dək olan 13 həftəlik dövr ərzində altı ştatın həkimlərdən, polisdən, yanğınsöndürmə və təcili yardım əməkdaşlarından ibarət 3950 nəfər arasında infeksiyanın qarşısının alınmasında “Pfizer-BioNTech” və “Moderna” vaksinlərinin səmərəliliyi dəyərləndirilib.
Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin məlumatına görə, bu işçi qrupları öz peşələrinə görə və əhalinin geniş təbəqəsi ilə təmasda olmaları səbəbindən bütövlükdə əhaliyə nisbətən daha tez-tez virusun təsirinə məruz qalırlar.
AZƏRTAC-ın Vaşinqton bürosu