REGİONLAR
Canlı telefon kitabçası VİDEO
Xaçmaz, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz sakini 400-dən çox telefon nömrəsini yadda saxlaya bilir.
AZƏRTAC xəbər verir ki, rayonun Hacıəhmədoba kəndində yaşayan Qüdrət Xələfzadə bu istedadı özündə hələ orta məktəbdə oxuyanda kəşf edib. O, həmyaşıdlarından dərslərini kitabdan bir dəfə oxumaqla əzbərləmək qabiliyyəti ilə seçilib. Bununla yanaşı, uşaqlıdan şahmat və başqa stolüstü oyunlara da maraq göstərib.
Q.Xələfzadə bildirir ki, artıq XI sinifdə oxuyanda 200-ə yaxın telefon nömrəsini əzbərləyib. Əvvəlcə ailə üzvləri, yaxın qohumların nömrələrini yadda saxlasa da, sonradan bütün dost-tanışlar bu siyahıya əlavə olunub. İndi isə yaddaşında 400-dən çox telefon nömrəsini saxlayır.
Hətta dostları onun bacarığını yoxlamaq üçün sınağa da çəkiblər. Bu sınaqdan üzüağ çıxan Q.Xələfzadə 200-dək nömrəni əzbər söylədikdən sonra onun istedadına şübhə qalmayıb.
Q.Xələfzadə kiməsə zəng etmək istəyəndə telefon kitabçasına ehtiyac duymur. Dostları zarafat edir ki, o özü “canlı telefon kitabçasıdır”.
Xaçmaz sakini yaddaşında əzbər saxladığı nömrələrin sayını rekord həddə çatdırmağa iddialıdır.