İDMAN
Canni De Byazi: Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq
Bakı, 14 noyabr, AZƏRTAC
Monteneqro yığması ilə oyun bizim üçün çox önəmlidir. Əvvəlki oyundan öncə də demişdim ki, xalqımız üçün tarixi andır. Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim. Meydanda bütün bacarığımızı göstərməyə çalışacağıq. Baxmayaraq ki, kifayət qədər məşq etmək imkanımız olmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi noyabrın 13-də təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq var. Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Oyunda heyətdə beş dəyişiklik olacaq. Sevindirici haldır ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdır. Hamısı bir-biri ilə çox mehribandır və aralarında sağlam rəqabət var.
“Komandaya rəhbərlik etdiyim müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Monteneqro oyunu noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək.