REGİONLAR
Cansız quş və heyvanların toplaşdığı zoopark FOTO VİDEO
Quba, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Birinci Nügədi kəndində yaşayan Etibar Qəhrəmanov hobbisini gəlir mənbəyinə çevirən insanlardandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Etibar Qəhrəmanov uşaq yaşlarından rəssamlığa böyük maraq göstərsə də, bu sahədə təhsil almayıb. Bir müddət heykəltəraşlıqla məşğul olan sənətkar, son iki ildə abstrakt janrda əl işləri hazırlamağa başlayıb.
Quba rayonunun Günəşli kəndində, yolun kənarında E.Qəhrəmanovun əl işlərinin satış mərkəzi var. Bu məkan cansız quş və heyvanların toplaşdığı zooparkı xatırladır. Satış mərkəzi Bakı-Quba yolunun kənarında yerləşdiyindən maraqlı əl işləri avtomobildə keçənlərin diqqətini çəkir. Yalnız alış-veriş məqsədilə yox, həm də əl işlərinə baxıb zövq almaq, şəkil çəkmək istəyənlər də avtomobillərini burada saxlayırlar.
Satılan müxtəlif ölçülü əl işləri sement, boya və metal çubuqlardan istifadə olunmaqla hazırlanır. Ən çox quşların, heyvanların və nağıl qəhrəmanlarının fiqurları diqqət çəkir. Dekorativ bəzək əşyası kimi istifadə olunan əl işlərinin qiyməti ölçüsünə görə dəyişir. Ən ucuzu 5, ən bahalısı isə 600 manatadır.
Əsas gəlirini landşaft dizayn xidmətindən əldə edən qubalı sənətkar sifariş əsasında parklarda, mehmanxanalarda, istirahət mərkəzlərində və fərdi evlərdə fantaziyasına uyğun süni quraşdırma işləri həyata keçirir. Bura kiçik arxitektura formalı şəlalələr, bağ heykəlləri, söhbətgahlar və sair daxildir.
Etibar Qəhrəmanov çaylarda sel sularının gətirdiyi ağac köklərindən abstrakt janrda heykəllər də hazırlayır. Tullantı ağac parçalarına ikinci həyat bəxş edən 38 yaşlı sənətkar hazırladığı əl işləri üçün xam materialı Quba rayonu ərazisindən keçən çayları gəzərək əldə edir. Bəzən çay boyu ağac kökləri axtara-axtara kilometrlərlə məsafə qət edir, Xəzər dənizinin sahilinədək gedib çıxır.