İQTİSADİYYAT
Cari ildə 330 kilometr küçə və qəsəbədaxili yollar təmir ediləcək
Bakı, 6 fevral, AZƏRTAC
Bu il Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 kilometr olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 157,7 kilometr olan Xəzər (20 kilometr), Sabunçu (15 kilometr), Binəqədi (30 kilometr) və Abşeron (29,2 kilometr) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31,6 kilometr) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10,5 kilometr) və Sumqayıt (21,4 kilometr) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.
Bundan əlavə dövlət investisiya proqramı çərçivəsində Bakının 12 rayonu üzrə ümumi uzunluğu 171,5 kilometr olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır. Belə ki, Xəzər (34,4 kilometr), Xətai (23,8 kilometr), Binəqədi (16,1 kilometr), Qaradağ (15,45 kilometr), Nərimanov (9,15 kilometr), Nizami (4 kilometr), Nəsimi (8,27 kilometr), Sabunçu (22,54 kilometr), Səbail (8,79 kilometr), Suraxanı (17,94 kilometr), Yasamal (7,13 kilometr), Pirallahı (4 kilometr) rayonlarında təmir işləri görülür.
2019-cu il ərzində Bakıda ümumi uzunluğu 301,5 kilometr olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.