İQTİSADİYYAT
Cari ildə aktiv vergiödəyicilərinin sayı 13,1 faiz artıb
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətləridir. Bu il ilk 5 ayında aktiv vergiödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452 min 242 nəfər təşkil edib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21 min 394-ə çatıb. Aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 min 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380 min 312-yə yüksəlib.
Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17 min 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3 min 784-ə çatıb.
Cari ilin iyunun 1-nə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 min 377 olub.
Bu ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib.