İQTİSADİYYAT
Cari ilin birinci rübündə “Azərenerji” ASC-nin “Qaynar xətt” xidmətinə 2247 zəng daxil olub
Bakı, 9 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə “Azərenerji” ASC-də fəaliyyət göstərən “186” saylı “Qaynar xətt” xidmətinə ümumilikdə 2247 zəng daxil olub.
Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
Bildirilib ki, 24 saat fasiləsiz və operativ fəaliyyət göstərən xidmətə edilən zənglər zamanı sorğular və şikayətlər dinlənilərək qeydiyyata alınıb. Bütün məlumatlar həftənin şənbə və bazar günləri də daxil olmaqla nəzərdən keçirilib, araşdırılıb və aidiyyəti üzrə istiqamətləndirilib. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Qaynar xətt” xidməti üzrə ümumilikdə 208 zəng qeydə alınıb. Paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından edilən müraciətlərinin əksəriyyəti “Azərenerji” ASC-nin vəzifə və funksiyalarından kənar olan məsələlərlə əlaqədar olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində enerji sisteminin dayanıqlılığı və fasiləsizliyi ilə bağlı xüsusi rejim tətbiq edilib və əlavə tədbirlər görülüb. Baş verə biləcək hər hansı bir problemin aradan qaldırılması üçün operativ qəza xidmətləri hazır vəziyyətə gətirilib.