İQTİSADİYYAT
Cari ilin birinci yarısında korporativ qiymətli kağızlar bazarında ticarətin həcmi 2,7 dəfə artmışdır
Bakı, 27 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
QKDK-dan AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Azərbaycanda qeyri-neft sektorunun ümumi daxili məhsula nisbətində üstünlük təşkil etdiyini və ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarında yüksək templərlə artım nümayiş olunduğunu bildirmişdir.
Vurğulanmışdır ki, ölkənin qiymətli kağızlar bazarında dinamika müşahidə edilmiş, 2013-cü ilin ilk yarım illiyində korporativ qiymətli kağızlar bazarında ticarətin həcmi 2,7 dəfə artmışdır.
Tədbirdə QKDK-nın hüquqi bazasının möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyətin maarifləndirilməsi, insan resurslarının idarə edilməsi və digər sahələrdə görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.