İQTİSADİYYAT
Cari ilin ilk dörd ayında bir sıra müxtəlif təyinatlı obyektlər istifadəyə verilmişdir
Bakı, 19 may (AZƏRTAC). Cari ildə ölkədə tikintinin davam etdirilməsi məqsədəuyğun hesab olunan obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 milyard 322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1 milyard 728,7 milyon manatından istifadə edilmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri də istifadəyə verilmişdir. Dörd ay ərzində 500,9 min kvadratmetrlik yaşayış sahəsi, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodunun tikintisi başa çatdırılmış və istismara verilmişdir.
Həmçinin bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi və digər obyektlər istifadəyə verilmişdir.