İQTİSADİYYAT


“Caspian Energy Club” sahibkarların problemlərini araşdırmaq məqsədilə sorğu keçirir

Bakı, 25 yanvar, AZƏRTAC

“Caspian Energy Club” iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin problem və təkliflərini öyrənmək məqsədilə sosial sorğular, marketinq araşdırmaları seriyası və fokus-qrup formatında tədqiqatlar keçirməyə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev qeyd edib ki, ilk sorğu Azərbaycanın investisiya və biznes mühitinin araşdırılmasına həsr olunub. Sorğu anonim formatda keçirilir. Əvvəlki illərlə müqayisədə bu sorğuda şirkət sahibləri və rəhbərləri ilə yanaşı, idarə heyətinin üzvləri, direktor müavinləri, baş mühasiblər, prokyurement, HR, PR, biznesin inkişafı üzrə menecerlər və marketinq menecerləri, şirkətlərin məhsul və xidmətlərinin inkişafında iştirak edən digər şəxslər də iştirak edə bilərlər.

Sorğuda nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, dövlət şirkətlərinin, şəhər və rayonların icra hakimiyyətlərinin, məhkəmə orqanlarının sahibkarların fəaliyyətinə müsbət və mənfi təsirləri araşdırılır.

Eyni zamanda, sorğu iştirakçılarına 2021-ci il ərzində dövlət qurumları tərəfindən administrativ təzyiqlərə cəhd, bürokratik əngəllərin yaradılması, korrupsiya təkliflərinin edilməsi, qeyri-obyektiv tenderlərin keçirilməsi və sair kimi problemlərlə üzləşib-üzləşmədikləri ilə bağlı suallara cavab vermək də təklif edilir.

“Sorğunun nəticələri investisiya və işgüzar mühitlə bağlı vəziyyətlə tanış olmaq və detallı öyrənilməsi üçün ölkənin Ali Rəhbərliyinə və hökumətin iqtisadi blokunun nümayəndələrinə, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunacaq. Həm dövlət, həm də özəl sektoru, iri, orta və kiçik biznesi təmsil edən şirkətlərin rəhbər və nümayəndələrini sorğuda fəal iştirak etməyə, bütün sualları obyektiv cavablandırmağa və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə səsləyirik”, - deyə Telman Əliyev bildirib.

Sorğuda iştirak etmək üçün link: https://ru.surveymonkey.com/r/BYL5BJM

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.