İQTİSADİYYAT
“Caspian Energy” jurnalının növbəti nömrəsi işıq üzü görüb
Bakı, 18 oktyabr, AZƏRTAC
“Caspian Energy” jurnalının neft-qaz və enerji sahələri də daxil olmaqla iqtisadi inkişafın əsas aspektlərinə həsr olunmuş növbəti nömrəsi işıq üzü görüb. Jurnalın çapı Azərbaycanın müstəqilliyinin 25 illiyinə təsadüf edib.
“Caspian Energy”nin sözügedən nömrəsində Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin eksklüziv müsahibəsi dərc olunub.
Jurnalda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müsahibələri dərc olunub.
“Caspian Energy” jurnalında, həmçinin neft-qaz sektorunu səhmləşdirmək imkanları haqqında materiallar, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun, SOCAR-ın “Azneft” İstehsalat birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun müsahibələri, həmçinin SOCAR-Polymer, SOCAR-AQS, “Şahdağ” turizm kompleksinin fəaliyyəti barədə materiallar çap edilib.
Jurnalın yeni nömrəsinin təqdimatı 2016-cı il noyabrın 2-də “Caspian European Club”un (Caspian Business Club) biznes-forumu çərçivəsində təşkil olunacaq.
Qeyd edək ki, “Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində yayılır. Fəaliyyət göstərdiyi 17 il ərzində jurnalda MDB və Avropa İttifaqı ölkələrinin prezident və baş nazirlərinin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.