İQTİSADİYYAT
“Caspian Engineering Company” şirkəti uğurlu nəticələrə görə milli mükafata layiq görülmüşdür
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycanın “AzMeCo” şirkətlər qrupuna daxil olan “Caspian Engineering Company” MMC “İlin İncinerinq Şirkəti” nominasiyasında “AZERI BUSINESS AWARD”-2012 milli mükafatına layiq görülmüşdür.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu mükafat Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunmuşdur.
“Caspian Engineering Company” MMC son illər uğurlu nəticələrə nail olmaqla, respublikanın aparıcı şirkətlərindən birinə çevrilmişdir.
Şirkət Azərbaycanda 2007-ci ildə təsis olunmuş və beynəlxalq səviyyədə dünya standartlarına uyğun neft emalı komplekslərinin layihələndirilməsi, texniki sənədlərinin hazırlanması və digər mühəndis-konsaltinq xidmətlərinin aparılması ilə məşğuldur.
Ötən illər ərzində “Caspian Engineering Company” MMC özünün yüksək elmi-texniki potensialı ilə həm Azərbaycanda, həm də ölkə xaricində, Orta Asiya və Əfqanıstanda neft emalı sahəsində yüksək nüfuz qazanmışdır. Şirkətin əsas nailiyyətlərindən biri Qaradağda yerləşən AzMeCo metanol zavodunun tam layihələnməsi olmuşdur. Regionda ilk və yeganə olan bu zavod son illər Azərbaycanda tikilən nadir müəssisələrdən biri hesab olunur.