İQTİSADİYYAT


“Caspian Oil and Gas” və “Caspian Power” sərgilərində 290 şirkət iştirak edəcək YENİLƏNİB

Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC

Bakı Ekspo Mərkəzində mayın 29-dan iyunun 1-dək keçiriləcək 26-cı Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”), eləcə də 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power”) sərgilərində 34 ölkədən 290 şirkət iştirak edəcək. Həmin şirkətlərin 24 faizi sərgidə ilk dəfə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 23-də sərgilərə həsr olunmuş mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Caspian Oil and Gas” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan “Əsrin müqaviləsi” öz 25 illiyini qeyd edir. Energetika Nazirliyi və SOCAR “Caspian Oil and Gas” sərgisinə daim əvəzsiz dəstək göstərirlər.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir. Regionun əsas neft-qaz tədbirinin baş tərəfdaşı qismində SOCAR şirkəti çıxış edir. Sərginin qızıl sponsoru BP şirkətidir. Gümüş sponsor – “TPAO”, bürünc sponsorlar: “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “Global Energy Azerbaijan”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləridir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər ölkələri təmsil edən şirkətin sərgidə iştirakı gözlənilir. Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. İlk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr də işıqlandırılacaq.

Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərginin qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edəcəklər. Ardıcıl olaraq 2-ci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirəcək. İştirakçıların 55 faizini “Caspian Oil and Gas” sərgisinin daimi iştirakçıları təşkil edəcək. Bundan başqa, Rusiya və Almaniyanın qabaqcıl şirkətlərinin milli stendlərdə ən son məhsulları təqdim olunacaq. Həmçinin builki sərgi əlavə tədbirlər ilə də zəngin olacaq. Artıq ənənə şəklini alan “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Sərgi çərçivəsində tələbələrə və gənc sənaye mütəxəssislərinə də böyük diqqət ayrılacaq. Belə ki, gələcəyin mütəxəssislərini sərgidə sənayenin ən son yenilikləri ilə tanış etmək, eləcə də nəhəng neft şirkətlərinin nümayəndələri ilə əlaqələr qurmaq məqsədilə xüsusi turun keçirilməsi planlaşdırılır. Eyni zamanda, tərcümeyi-halların (CV-lərin) birbaşa sərgidə təqdim edilməsi üçün xüsusi “CV” qutularının yerləşdirilməsi planlaşdırılır. İxtisaslaşmış treninq sessiyasının gedişində isə aparıcı neft şirkətlərinin nümayəndələri öz bilik və təcrübələrini gənc sənaye mütəxəssisləri ilə bölüşəcəklər. “Bizimkilər” adlı platformada xaricdə məşhur neft şirkətlərində çalışan həmvətənlərimiz sənayenin beynəlxalq şirkətlərinin təcrübəsi ilə bölüşəcək və sərginin iştirakçı və qonaqlarını sənaye yenilikləri ilə tanış edəcəklər. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sərgi çərçivəsində xüsusi ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Burada uşaqlar “qara qızıl” – neft ilə yeni rəsmçəkmə üsulunu sınaqdan keçirəcəklər. Ən yaxşı rəsmin müəllifi isə təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

Elektroenergetika Azərbaycanın aparıcı sənaye sahələrindən biridir və enerjiyə olan daxili tələbatı qarşılamaqla yanaşı, onu qonşu ölkələrə ixrac etməyə də imkan verir. Hazırda ölkənin energetika sektorunda islahatların həyata keçirilməsi və dayanıqlı energetika siyasətinin hazırlanması sahəsində fəal iş aparılır. Azərbaycanda enerji istehsalının böyük potensiala malik olduğunu nəzərə alsaq, “Caspian Power 2019” sərgisi enerji istehsalçıları, dövlət strukturları və xarici investorların görüşü üçün unikal yerdir və burada həm əməkdaşlıq, həm də uzunmüddətli tərəfdaşlıq əlaqələri üçün sərhədsiz imkanlar yaranır.

Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, Energomera konserni, “Luna Elektrik” şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və sair məhsullar təqdim olunacaq. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.

“Caspian Power 2019” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim ediləcək və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.