İQTİSADİYYAT
“Caspian Power-2013” sərgisi işgüzar əlaqələrin qurulması və mühüm danışıqların aparılması üçün hər cür şərait yaradılmışdır
Bakı, 5 iyun (AZƏRTAC). “CINK Hydro-Energy” şirkətinin konstruktorlar heyəti bütün dünyada sifarişçilərlə birlikdə su potensialını rentabelli və ekoloji cəhətdən faydalı enerji mənbəyinə çevirməyi qarşısına məqsəd qoymuşdur. Biz “Caspian Power-2013” sərgisində ilk dəfə iştirak edirik və ümidvarıq ki, bərpa olunan enerji mənbələri sahəsində öz yeni məhsullarımızı, daha dəqiq desək, kiçik hidroelektrik stansiyalar üçün avadanlıqları, hidroturbinləri, generatorları və idarəetmə sistemlərini, habelə hidroelektrik stansiyaların quraşdırılması xidmətlərini azərbaycanlı mütəxəssislərə təqdim edə biləcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən III Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin (“Caspian Power-2013”) iştirakçısı olan Çexiyanın “CINK Hydro-Energy k.s.” şirkətinin Satış üzrə meneceri Pyotr Konata demişdir.
O qeyd etmişdir ki, bizi burada hələ heç kim tanımır. Belə ki, Cənubi Qafqaz regionu şirkətimiz üçün tamamilə yeni bir məkandır. Lakin biz bilirik ki, neft-qaz sərgisi hidroenerjini məşhurlaşdırmaq üçün münasib marketinq alətidir. Azərbaycan bu sahədə böyük potensiala malikdir və mən əminəm ki, bizim stend ziyarətçilərin marağına səbəb olacaqdır. Burada işgüzar əlaqələrin qurulması və mühüm danışıqların aparılması üçün hər cür şərait yaradılıb, sərgi mərkəzi isə çox cəlbedici görünür və təşkilatçılıq, habelə təhlükəsizlik məsələlərinə böyük diqqət yetirilir.
“CINK Hydro-Energy” dünyada turbinlərin bütün məlum növlərinin texniki cəhətdən yaxşı təmin edilmiş təchizatının yerinə yetirilməsi üçün lazımi texnologiyaya malik azsaylı şirkətlərdən biridir. Bundan başqa, şirkət içməli su sistemlərində lisenziyalı hidroelektrik stansiyaların quraşdırılması üzrə də ixtisaslaşmışdır.