ORDU
Cəbhə bölgəsində yeni tikilən daha bir hərbi hissə istifadəyə verilib VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilib müasir avadanlıqla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa olunan qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: “Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir. Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu, Xəzər dənizində müasir qurğu və avadanlıqla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən Prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. Ali Baş Komandan qeyd etdi ki, ordu gündən-günə inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir. Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Azərbaycan xalqının və dövlətinin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artıran və xidməti yüksək səviyyədə təşkil edən Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir.
Prezidentin birmənalı şəkildə dediyi “Rədd olsunlar bizim torpaqlarımızdan! Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin”, - sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir”.
Daha sonra çıxış edən birlik komandiri, general-mayor Hikmət Həsənov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.
Sonra müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.