REGİONLAR
Cəbrayıl polisi narkotacir qardaşları saxlayıb
Cəbrayıl, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb. Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunun Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Möhbəliyev sonuncunun idarə etdiyi “Opel“ markalı avtomobildə saxlanılıblar.
Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.