CƏMİYYƏT
Cəbrayıl rayonunda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər
Bakı, 28 yanvar, AZƏRTAC
Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Sahil Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış keçirilərkən marixuana aşkarlanaraq götürülüb. Davam etdirilən araşdırmalarla onun narkotik vasitəni rayon sakini Mehman Abbasovdan aldığı müəyyən edilib. M.Abbasov da polis əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərindən marixuana aşkar edilərək götürülüb.
M.Abbasovun narkotiki tanışı, rayon sakini Fariz Quliyevdən aldığı müəyyən olunub. Əvvəllər dəfələrlə məhkum edilmiş F.Quliyev də polis əməkdaşları tərəfindən davam etdirilən əlavə tədbirlərlə saxlanılıb. Onun üzərinə və kirayə yaşadığı ünvana baxış keçirilən zaman marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.