CƏMİYYƏT


Cəlil Xəlilov: Cəbrayılın azad olunması Ordumuzun Xocavənd və Hadrut istiqamətində uğurlu əməliyyatlarına şərait yaratdı

Bakı, 4 oktyabr, AZƏRTAC

Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi.

Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”.

Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”.

Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.