CƏMİYYƏT
Cəlil Xəlilov: Məkrli qüvvələrin çirkin niyyətlərinin qarşısını almaq üçün bu günlərdə vətəndaşlarımızın ayıq-sayıqlıq göstərmələri çox önəmlidir
Bakı, 16 oktyabr, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əhaliyə müraciət edərək insanları terror ehtimalına qarşı ayıq-sayıq olmağa çağırıb, ermənilərin tarixin müxtəlif dövrlərində ölkəmizdə həyata keçirdiyi terror olaylarına diqqət çəkib. Bu, müharibə şəraitində bütün vətəndaşların daim ayıq-sayıq olmasını zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Cəlil Xəlilov qeyd edib ki, bu gün ölkəmizdə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının xidməti fəaliyyətlərini yüksək peşəkarlıqla yerinə yetirdiyi hər kəsə məlumdur. Uzun illər ərzində bu qurumlarda həyata keçirilən islahatlar, güc orqanlarımızın şəxsi heyətinin peşəkarlığının artırılması, maddi-texniki bazasının gücləndirilməsi və sair işlər dövlətimizə yönəlik terror aktlarının qarşısını qətiyyətlə almağa imkan verir. Lakin bu da bir həqiqətdir ki, dünyanın heç bir ölkəsində terrora qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının vasitəsi ilə aparılmır. Bu məsələdə ictimaiyyətin, vətəndaşların əlaqədar dövlət qurumları ilə əməkdaşlığı həyati əhəmiyyət kəsb edir.
Bildirilib ki, ölkəmizin erməni işğalçılarına qarşı Vətən Müharibəsi apardığı zamanda hər bir vətəndaş ikiqat ayıq-sayıqlıq sərgiləməli, gördüyü istənilən şübhəli şəxs, əşya, hadisə haqqında dərhal aidiyyəti orqanları məlumatlandırmalıdır. Unutmaq olmaz ki, bəzən bir nəfərin sayıqlığı onlarla, yüzlərlə insanın təhlükəsizliyini təmin edə, hər hansı terror hadisəsinin qarşısını ala bilər. DTX-nin məlum xəbərdarlığı da məhz bu aspektdən dərk edilməli, daim diqqətdə saxlanılmalıdır.
“Bu gün şanlı Azərbaycan Ordusu Qarabağ cəbhəsində uğurla irəliləməkdə, düşmənin çoxlu sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etməkdədir. Xalqımız əmin ola bilər ki, yaxın günlərdə ordumuz düşmən üzərində tam qələbə əldə edəcək, erməni terrorçularını işğal altındakı torpaqlardan qovacaq, terrorçuları beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edəcək. Bu məsələdə biz də öz ayıq-sayıqlığımızla ordumuza, dövlətimizə dəstək verməliyik. İnanıram ki, xalqımız bu məsələdə lazımi həssaslığı göstərəcək, öz ayıq-sayıqlığı ilə məkrli qüvvələrin çirkin niyyətlərinin qarşısını alacaq”, - deyə C. Xəlilov vurğulayıb.