REGİONLAR
Cəlilabad polisi koronavirus infeksiyasına qarşı profilaktiki tədbirləri gücləndirib
Cəlilabad, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda keçirilən reydlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi, bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən olunub.
Xüsusi karantin rejiminin qaydalarını pozanlarla maarifləndirici söhbətlər aparılıb və bir daha koronavirus infeksiyasının fəsadları barədə onlara məlumat verilib.
Polis əməkdaşları tərəfindən, həmçinin sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici bukletlər paylanılıb.