CƏMİYYƏT
Cəlilabad rayon sakini olan narkobaron saxlanılıb VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Daxili işlər orqanları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq C.Məmmədovun Xətai rayonunda kirayədə yaşadığı evə baxış keçirilib. Evdən əlavə olaraq 445 qram heroin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədilə 10 min manata aldığını bildirib.
İdarənin əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat nəticəsində həmin şəxs - Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 525 qram narkotik vasitə olan heroin, 50,125 qram tiryək və 31,020 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.