CƏMİYYƏT
Cəlilabad rayonunda karantin rejimi qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Cəlilabad rayonunda karantin rejimi qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyənləşib. Aparılan yoxlamalar zamanı “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 min manat məbləğində cərimələnib.
Bundan başqa Cəlilabad rayonunun Cəlayir kənd sakini C.Məstəliyevin fərdi evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyənləşdirilən say həddindən çox olduğu aşkarlanıb. Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnib.