REGİONLAR
Cəlilabad rayonunun Fərzəli kəndinə təbii qaz verilib VİDEO
Cəlilabad, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq fevralın 13-də uzun fasilədən sonra Cəlilabad rayonunun daha bir yaşayış məntəqəsinə -Fərzəli kəndinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 120 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 120 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələr Cəlilabadda uğurla icra olunur. Rayonda 90 minə yaxın əhali və ya 15 mindən artıq abonent mavi yanacaqdan istifadə edir.
Bildirilib ki, rayonun Alar, Qarazəncir, Günəşli və Təzəkənd kimi iri yaşayış məntəqələrinin qazlaşdırılması ilə abonentlərin sayı 3,5 min artıb.
Diqqətə çatdırılıb ki, Cəlilabad şəhərinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə yeni qaz tənzimləyici məntəqə tikilib və buradan şəhərə 3,3 kilometrlik yeni xətt çəkilib. Hazırda 15 kəndin qazlaşdırılması davam edir və bunun hesabına daha 1200 abonent mavi yanacaq alacaq.
Kənd sakinləri əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.