Cəlilabadda 4 istiqamət üzrə avtomobil yolları yenidən qurulur VİDEO
AzerTAg.az
Bakı, 19 avqust, AZƏRTAC
Cəlilabad rayonunda 4 istiqamət üzrə ümumi uzunluğu 30,4 kilometr olan Ocaqlı-Qarazəncir-Sabirabadkənd-Alar-Günəşli-Uzuntəpə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2,4 kilometrlik Ocaqlı kəndinin yolu, 7 kilometrlik Qarazəncir-Sabirabad-Günəşli kəndlərinin birləşdirən yol, 10,1 kilometrlik Alar-Günəşli yolu və 10,9 kilometrlik Sabirabad-Günəşli-Uzuntəpə yolu olmaqla IV texniki dərəcə uyğun olaraq yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir.
Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 280 min kvadratmetr sahədə yol əsasının inşası, həmçinin asfaltlanma işləri də aparılır. Yolun 175 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.
Ümumilikdə yolboyu müxtəlif diametrlərə malik 154 poqonmetr uzunluğunda dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur. Bundan başqa, istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz edilir.
Sonuncu mərhələdə 9 avtobus dayanacağının tikintisi, 116 yol nişanının, 820 siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.
Tikinti işlərinin payız aylarında yekunlaşdırlması nəzərdə tutulub.




Xəbərin mətnində orfoqrafik səhv var