REGİONLAR
Cəlilabadda ağsaqqalların rayonun ümumi inkişafı ilə bağlı təklifləri dinlənilib
Cəlilabad, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bir sıra investorlarla aparılan işgüzar danışıqların öz bəhrəsini verməsi gələcək uğurların başlanğıcıdır. Cəlilabadda açılacaq yeni iş yerlərində əsasən yerli sakinlərin çalışmasına üstünlük veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin edilən Rafiq Cəlilov rayonun ağsaqqalları ilə keçirdiyi görüşdə bildirib.
Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayon icra hakimiyyətinin başçısı görüşdə çıxış edərək deyib ki, Cəlilabadın ümumi inkişafına, problemlərin aradan qaldırılmasına xidmət edəcək maraqlı, dəyərli təkliflər həmişə diqqətə alınacaq.
Ağsaqqallar cəlilabadlıları narahat edən bir sıra məsələlərdən, problemlərdən söz açaraq, rayon iqtisadiyyatının inkişafı, tikinti-abadlıq işləri, torpaqlardan daha səmərəli istifadə olunması, məktəb binalarının təmiri, kadr məsələləri və s. mövzularda təkliflərini səsləndiriblər.
İcra başçısı qaldırılan məsələlərin, verilən təkliflərin nəzərə alınacağını vurğulayıb.
Ağsaqqallar əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.