REGİONLAR
Cəlilabadda bayraq yürüşü keçirilib
Cəlilabad, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 9-da Cəlilabad şəhərində Dövlət Bayrağı Gününə həsr olunmuş bayraq yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
İki min beş yüz nəfərədək insanın qatıldığı bayraq yürüşünə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzindən start verilib. Yürüş Heydər Əliyev prospektində şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatıb.
Yürüşdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.
Ə.Əzizov Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışaraq hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb.
Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Əziz Əzizov dövlətimizin başçısının 2007-ci il noyabrın 17-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzaladığını bildirib.
Bayraq yürüşü bayram konserti ilə davam edib.