REGİONLAR
Cəlilabadda genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb VİDEO
Cəlilabad, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabad şəhərində koronavirus pandemiyası ilə mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı texnikası, eləcə də kommunal xidmətlərin balansında olan dörd ədəd suçiləyən texnika cəlb edilib. Gün boyu davam edən dezinfeksiya tədbirləri çərçivəsində şəhərin küçələri xüsusi kimyəvi məhlullarla yuyulub.
Cəlilabad şəhərində dezinfeksiya tədbirləri xüsusi qrafik əsasında həftədə dörd gün həyata keçirilir.
Rayonda sosial xidmət göstərən inzibati binaların həyətləri isə axşam saatlarında hər gün dərmanlanır.
Dezinfeksiya tədbirləri Cəlilabad şəhəri ilə yanaşı, COVID-19 infeksiyasının yayıldığı Ağdaş inzibati ərazi nümayəndəliyinə daxil olan kənlərdə də həyata keçirilir.
Son iki gündə Cəlilabad şəhəri ərazisində karantin rejiminin pozulması halları da müşahidə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan 10 nəfər rayon sakini inzibati qaydada cərimələnib.