REGİONLAR
Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Cəlilabad, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 1-də Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon prokurorluğunda keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanlarının işçiləri qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərirlər. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Cəlilabad rayon prokuroru Taryel Ələkbərov çıxışında qeyd edib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən mütəşəkkil quruma çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.
Ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşdığını xatırladan T. Ələkbərov ötən müddətdə Azərbaycan prokurorluğu əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalandığını diqqətə çatdırıb.