REGİONLAR
Cəlilabadın Hamarqışlaq kəndinə ilk dəfə təbii qaz verilib
Cəlilabad, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, oktyabrın 13-də Cəlilabad rayonunun Hamarqışlaq kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 184 abonenti olan kənddə 13843 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 184 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənddə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Elçin Məmmədov, Hamarqışlaq kənd ərazi icra nümayəndəsi Mədət Nəzərov və başqaları əlamətdar hadisə münasibətilə sakinləri təbrik ediblər.
Qeyd olunub ki, son bir ildə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 48 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Hazırda rayonun daha 3 kəndində - Gülməmmədli, Xəlilabad və Kövüzbulaq kəndlərində qazlaşdırma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlərə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri Dövlət Müstəqilliyi Günü ərəfəsində təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.