REGİONLAR
Cəlilabadın taxıl sahələrindən indiyədək 92 min 893 ton məhsul yığılıb
Cəlilabad, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın ən böyük taxılçılıq rayonlarından biri olan Cəlilabadda biçin kampaniyası davam edir. İndiyədək taxıl sahələrindən 92 min 893 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,9 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov məlumat verib.
Biçin kampaniyasına 72 kombaynın, müxtəlif maşın və mexanizmlərin cəlb olunduğunu qeyd edən R.Kərimov, bu il rayonda 56 min 500 hektarda buğda, 5 min 200 hektarda arpa, 4 min 870 hektarda isə vələmir əkildiyini söyləyib.
Rayonda taxıl biçini kampaniyasının iyulun birinci ongünlüyündə başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, məhsul istehsalçılarına dövlət dəstəyinin genişləndirilməsi sayəsində Cəlilabad rayonunda taxılçılıq ildən-ilə inkişaf edir.
Ötən il rayonun taxıl sahələrində 54 min 908 hektarda buğda, 4 min 504 hektarda arpa, 3 min 824 hektarda vələmir əkilib. Taxıl sahələrindən 154 min 773 ton məhsul tədarük olunub. Hər hektardan götürülən məhsuldarlıq 28 sentner təşkil edib.