REGİONLAR
Cənub bölgəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd edilib
Lerik, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 13-də Lerik Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xidmətin Lerik rayon şöbəsi digər aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənovun Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Qeyd olunub ki, bu Dövlət Xidməti ötən səkkiz il ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
SHXÇDX yaradıldıqdan sonra həqiqi hərbi xidmətə çağırış sisteminə diqqət artırılıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib.
Digər çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ordu quruculuğundakı rolundan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması və ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində görülən tədbirlər barədə danışıblar. Qeyd ediblər ki, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində aidiyyəti dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla birgə iş aparılır, hərbçilərlə gənclərin görüşlərinin keçirilməsi təmin edilir.
Sonda SHXÇDX-nin Lerik rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına təşəkkürnamələr və fəxri-fərmanlar təqdim edilib.
X X X
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının səkkizinci ildönümü Masallıda da qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Milli Ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir.
Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli Milli Ordu formalaşdırılıb, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edib.
Şəhid Ailələri, Müharibə Veteranları və Qarabağ Qaziləri Şurası rayon şöbəsinin sədr müavini Cəmaləddin Məmmədov çıxışında qeyd edib ki, ölkəmizdə ordu quruculuğu ilə yanaşı, sosialyönümlü iri layihələrin tərkib hissəsi kimi, Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən dövlət qayğısı çərçivəsində mütəmadi tədbirlər görülür.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin könüllüsü Uğur Ağazadə bildirib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi daim diqqət mərkəzində saxlanılır.